Nikahın qeydə alınması

Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Yəməndə daimi və ya müvəqqəti yaşayan nikaha daxil olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün nikahın qeydə alınması Səfirliyin konsulluq bölməsi tərəfindən həyata keçirilir.

Nikaha daxil olmağı arzu edən vətəndaşlar Səfirliyin konsulluq bölməsinə şəxsən yazılı ərizə təqdim etməlidirlər. Ərizədə nikahın bağlanmasına mane olan halların – nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır.

Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.

Nikah  Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay tez olmayaraq onların iştirakı ilə bağlanır.

Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edir, nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.

Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.