2016-05-13
Mərakeşin geniş oxucu kütləsinə malik ərəbdilli “əl-İslah və ət-Tənmiyə” qəzetinin 13 may 2016-cı il tarixli sayında “Heydər Əliyev və ərəb dünyası” sərlöhvəli məqalə dərc edilmişdir.

Məqalədə Ulu Öndərin həyat yolu işıqlandırılmış, keçmiş SSRİ-də müxtəlif rəhbər vəzifələrdə çalışdığı qeyd olunmuş, müstəqil Azərbaycanın banisi olduğu və Azərbaycan xalqının xatirəsində silinməz iz qoyduğu bildirilmişdir.

Müəllif Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyini, həmin dövrlərdə Azərbaycanı çətin sınaqlardan məharətlə çıxardığını, ölkənin daxili və xarici siyasətində mühüm islahatlar apardığını, ölkə iqtisadiyyatını uğurla inkişaf etdirdiyini qeyd edərək, məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın beynəlxalq arenada tanınmağa başladığını, müxtəlif ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurduğunu bildirmiş, 1994-cü ildə bağlanmış Əsrin müqaviləsi ilə Ulu Öndərin Azərbaycan neft strategiyasının əsasını qoyduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın islam dünyasının ayrılmaz hissəsi olduğunu qeyd edən məqalə müəllifi öz zəngin tarixi və maddi-mənəvi dəyərləri ilə Azərbaycanın islam dünyasına öz töhfəsini verdiyini bildirmiş, Ulu Öndərin hakimiyyəti illərində ölkədə islam abidələrinin bərpa edildiyini, məscidlərin və ibadətgahların inşasına başlanıldığını qeyd etmiş və Ümummilli Liderin islam dəyərlərinə bağlı olduğunu və müxtəlif dini tədbirlərdə şəxsən iştirak etdiyini vurğulamışdır.

Müəllif Heydər Əliyevin islam dünyası və ərəb ölkələri ilə ikitərfli əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi önəm verdiyini qeyd edərək, Ulu Öndərin 1994-cü ildə Səudiyyə Ərəbistanı Krallığına səfərini və səfər zamanı müqəddəs torpaqları ziyarət etdiyini diqqətə çatdıraraq, 1994-cü ilin sentyabrında Qahirəyə səfərini və 1994-cü ilin dekabr ayında Kasablanka şəhərində keçirilmiş İslam Konfranıs Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının konfransında iştirak etmək məqsədilə Mərakeşə səfərini xatırlatmışdır.

Müəllif Ulu Öndərin Mərakeşə səfəri zamanı mərhum Kral II Həsən, Küveyt Əmiri, İordaniya Kralı və bir sıra ərəb liderləri ilə ikitərəfli görüşlər keçirdiyini və bununla da Azərbaycan-ərəb dünyası əlaqələrinin və ikitərəfli əməkdaşlığının bünövrəsinin qoyulduğunu bildirmişdir.

Bu gün Azərbaycanın islam dünyası və ərəb ölkələri ilə möhkəm dostluq əlaqələrinə malik olduğunu oxucularının nəzərinə çatdıran müəllif müstəqil Azərbaycanın islam dünyasının ən nüfuzlu təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatı, təşkilatın müxtəlif institutları, xüsusilə də İSESKO ilə sıx əməkdaşlıq etdiyini və bu qurumların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəklədiyini vurğulamışdır.

Sonda müəllif Heydər Əliyev ideyalarının bu gün də yaşadığını və bu ideyaların Azərbaycanın tarixi və dini əlaqələrə malik olduğu islam dünyası və ərəb ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinə xidmət etdiyini bildirmişdir.   

növbəti xəbər əvvəlki xəbər