2017-08-10
“Əl-İslah və ət-Tənmiyə” qəzetində Mərakeş-Azərbaycan münasibətləri ilə bağlı məqalə dərc edilib

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Mərakeş-Azərbaycan münasibətlərinə həsr olunan geniş məqalə dərc edilib.

Məqalədə hər iki ölkənin rəhbərliyinin əzmkarlığı ilə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olunur.

Müəllif Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən sonra dünya ölkələrinə açıqlığı ilə fərqləndiyini və davamlı inkişaf göstəriciləri baxımından nümunəvi ölkəyə çevrildiyini vurğulayır. Bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi inkişaf strategiyası sayəsində ölkədə makroiqtisadi sabitlik və ardıcıl inkişaf müşahidə edilir.

Mərakeş-Azərbaycan iqtisadi münasibətlərinə gəlincə müəllif iki ölkə arasında bir sıra sazişlərin imzalandığını, birgə layihələrin həyata keçirilməsi, sərmayələrin təşviqi və mübadiləsi üçün geniş imkanların və bunun üçün zəruri olan müqavilə-hüquq bazasının yaradıldığını qeyd edir.

Qəzetin baş redaktoru olan müəllif Əhməd Mitşu yazır ki, Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrinin qurulması dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, ticarət, turizm və mədəniyyət sahələrində mübadilələrin həyata keçirilməsinə xidmət edib.

Yazıda 1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının VII konfransında iştirak etmək məqsədilə Heydər Əliyevin Mərakeşə səfərindən bəhs edilir. Səfər çərçivəsində mərhum Kral II Həsən ilə keçirilən görüşdə Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlığının təməlinin qoyulduğu vurğulanır. Bildirilir ki, 2006-cı ildə Azərbaycanın Rabatda, 2009-cu ildə isə Mərakeşin Bakıda səfirliklərinin açılması və ikitərəfli əlaqələrin hazırkı səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş Kralı VI Məhəmməd arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini əks etdirir.

Məqalədə coğrafi uzaqlığın olduğuna baxmayaraq, Azərbaycan ilə Mərakeş arasında güclü siyasi münasibətlərin və BMT, İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın, Ermənistan-Azərbaycan münaqişəsi və Qərbi Səhra məsələsində qarşılıqlı dəstəyin mövcudluğu göstərilir.

növbəti xəbər əvvəlki xəbər