2018-01-23
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə yad olunub

Azərbaycanın Mərakeşdəki səfirliyində Mərakeş-Azərbaycan Dostluq qrupunun üzvləri, keçmiş SSRİ-nin ali məktəblərinin mərakeşli məzunları, yerli ictimai-siyasi xadimlər və 20 Yanvar hadisələrinin mərakeşli olan canlı şahidlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbir keçirilib.

Əvvəlcə tədbirdə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirlik tərəfindən edilən məruzədə iştirakçıların diqqətinə çatdırılıb ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 28 il əvvəl sovet ordusunun hücumu nəticəsində qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, 147 nəfər şəhid olub, 700-dən çox insan yaralanıb, 800-dən çox insan əsassız olaraq həbs edilib.

Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq qrupunun baş katibi Məhəmməd Faqiri bildirib ki, Qanlı Yanvar faciəsi keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır və unudulmaz cinayətdir və Mərakeş ictimaiyyəti tərəfindən pislənilir. Eyni zamanda, Məhəmməd Faqiri 20 Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.

Daha sonra 1990-cu ilin Qanlı Yanvar hadisələri zamanı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alan mərakeşlilər öz xatirələri ilə bölüşüblər.

Azərbaycan Neft və Kimya İnstitutunun mərakeşli məzunu Dris Busetta 1990-cı ildə Bakıda kirayə qaldığı mənzilin pəncərələrinin gülləboran edildiyini xatırladaraq, Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlərin canlı şahidi olduğunu və həmin dəhşətli gecənin yaddaşından silinməyəcəyini bildirib.

Mərakeşli Rəşid Hərrat Azərbaycan Neft və Kimya İnstitutu nəzdində olan xarici tələbələrin ictimai birliyində üzv olduğunu və 20 Yanvar faciəsinin canlı şahidi olduğunu diqqətə çatdırıb. Rəşid Hərrat Azərbaycan xalqının başına gətirilən müsibətlər barədə dünya ictimaiyyətin məlumatlandırılması məqsədilə həmin dövrdə Bakıda təhsil alan xarici tələbələr tərəfindən Birləşmiş Millətlər Təşkilatına və Beynəlxalq Tələbələr İttifaqına sovet ordusunun cinayət əməllərinin pislənilməsinə çağıran müraciətin ünvanlandığını bildirib.

Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.

əvvəlki xəbər