2018-03-07
Gələcəkdə bəşəriyyətə qarşı cinayətlərin qarşısının alınması üçün Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır

Azərbaycanın Mərakeşdəki səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Anım mərasimində Mərakeş-Azərbaycan Dostluq Qrupunun üzvləri, yerli ictimai-siyasi xadimlər, ali təhsil müəssisələrinin müəllimləri, tarixçilər, tələbələr iştirak ediblər. 

Əvvəlcə Xocalıda qətlə yetirilən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsinə dair məlumat tədbir iştirakçılarının diqqətinə təqdim olunub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, vəhşicəsinə, xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilən şəhidlərimizin xatirəsinin xalqımızın ürəyində əbədi yaşayacağı vurğulanıb. Bir sıra ölkələr tərəfindən bu faciənin soyqırımı kimi tanındığı bildirilib, Xocalı dəhşətlərinin beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə soyqırımı aktı kimi tanınması prosesinin sürətlə davam etdiyi qeyd olunub.

Hüquq elmləri doktoru, V Məhəmməd universitetinin professoru Hanan Larbi Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzü pisləyərək, cinayətin cəzasız qalmasının qəbuledilməzliyini vurğulayıb. Gələcəkdə bəşəriyyətə qarşı cinayətlərin qarşısının alınması üçün Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib.

XX əsrin ən dəhşətli və amansız cinayətini azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirən digər çıxışçılar Azərbaycan xalqının öz tarixi torpaqlarından didərgin düşməsindən, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıb, sülhsevər və qonaqpərvər xalqımızın haqqının yerdə qalmayacağına və işğal altındakı torpaqların azad olunacağına əminliklərini ifadə ediblər.

Sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verilib, Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən foto və kitab sərgisi nümayiş olunub.

növbəti xəbər əvvəlki xəbər