2018-03-26
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti Xocalı soyqırımı barədə yazır

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Ermənilərin Xocalı şəhərində törətdiyi qətliamın iyirmi altıncı ildönümünün anımı” adlı məqalə dərc edilib.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi, ən dəhşətli və amansız cinayətlərdən biri kimi qiymətləndirilən Xocalı soyqırımı barədə ətraflı məlumat verilir.

Yazıda Dağlıq Qarabağda sülhün və əmin-amanlığın pozulmasının kökündə erməni separatçılığının durduğu qeyd edilərək, Ermənistan silahlı qüvvələrinin amansız hücumu nəticəsində Xocalıda azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyi, qocaların, qadınların və uşaqların misli görünməmiş işgəncələrə məruz qaldığını vurğulanır.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycana qarşı hərbi təcavüzlə əlaqədar BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir.

Yazıda bir sıra ölkələr, o cümlədən qardaş ərəb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır.

növbəti xəbər əvvəlki xəbər