2019-12-12
Mərakeş qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edilib

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə” sərlövhəli məqalə dərc olunub.

Məqalənin müəllifi, qəzetin baş redaktoru Əhməd Mitçu əvvəlcə dekabrın 12-də Azərbaycanın Mərakeşdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunan anım mərasimindən söz açır.

Bildirilir ki, səfirlikdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi təşkil olunub. Ölkəmizin Mərakeşdəki səfiri Oktay Qurbanov anım mərasimdə çıxış edərək, müasir Azərbaycanın banisi Heydər Əliyevin dövlət və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeş Kralı VI Məhəmmədin rəhbərlikləri ilə ölkələrimizin dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq müxtəlif sahələrdə uğurla inkişaf etdirilir.

Müəllif qeyd edir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü, ölkənin bütün sahələrdə yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın suverenliyinin, müstəqilliyinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün bərpasını, ölkənin iqtisadi dirçəlişi üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdi.

Mərakeş-Azərbaycan münasibətlərinə toxunan Əhməd Mitçu 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Görüşü çərçivəsində ümummilli lider Heydər Əliyev və Kral II Həsənin görüşü ilə ikitərəfli əlaqələrin təməlinin qoyulduğunu və perspektivlərinin müəyyənləşdirildiyini vurğulayıb.

Məqalədə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verilir.

Oxucular, həmçinin Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün, 2019-2022-ci illərdə Azərbaycanın bu təşkilata sədrliyinin, habelə bu ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə Türkiyədə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışının mühüm geosiyasi əhəmiyyəti barədə məlumatlandırılır.

Diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində qazanılmış nailiyyətlər Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir.

Məqalənin sonunda ulu öndər Heydər Əliyevin gördüyü böyük işlərlə Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanır.

 

növbəti xəbər əvvəlki xəbər