2019-12-28
Mərakeşin internet mediasında ümummilli lider Heydər Əliyevə həsr olunan məqalə dərc edilib

Mərakeş internet mediasında “Ərəb Məğribinin Sədaları” internet jurnalının baş redaktoru Rəşid Moulidin müəllifliyi ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalələr dərc olunub. Eyni zamanda, “Ərəb Məğribi Sədəları” internet jurnalında səfir Oktay Qurbanovun ümummilli lider Heydər Əliyev və Azərbaycan-Mərakeş münasibətləri haqqında müsahibəsi dərc edilib.

Yazıda müəllif ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı dekabrın 12-də Azərbaycanın Mərakeşdəki səfirliyində yerli ictimai, elm və mədəniyyət xadimlərinin, jurnalistlərin, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərinin iştirakı ilə keçirilmiş anım mərasimindən bəhs edib.

Yazıda qeyd olunur ki, səfir Oktay Qurbanov öz çıxışında müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, ölkənin gələcək iqtisadi inkişaf strategiyasının müəyyən edilməsində, Azərbaycanın İslam aləmi ilə münasibətlərinin qurulmasında tarixi rolundan danışıb.

Məqalədə 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Toplantısı zamanı Ümummilli lider Heydər Əliyev və Kral II Həsən ilə keçirilmiş tarixi görüşü zamanı Azərbaycan-Mərakeş dostluq münasibətlərinin təməlinin qoyulduğu vurğulanır.

Müəllif Rəşid Moulid, həmçinin yazıda Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti barədə oxuculara məlumat verib.

növbəti xəbər əvvəlki xəbər