2019-12-13
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub

Azərbaycanın Mərakeşdəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə çıxış edən səfir Oktay Qurbanov müasir Azərbaycanın dövlətçilik konsepsiyasının banisi olan Heydər Əliyevin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, milli maraqlara əsaslanan praqmatik və çoxşaxəli xarici siyasət strategiyasının həyata keçirilməsində tarixi rolundan danışıb.

1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində VII İslam Zirvə toplantısı zamanı ümummilli lider Heydər Əliyev və Kral II Həsən arasında keçirilmiş görüşə toxunan səfir həmin tarixi görüşdə təməli qoyulmuş Azərbaycan-Mərakeş dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Mərakeşin Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edərək, iki ölkə arasında siyasi münasibətlərin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu, BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu söyləyib.

Son dövrdə Azərbaycanın xarici siyasətdə və qlobal iqtisadi layihələrin həyata keçirilməsində əldə etdiyi nailiyyətlərə toxunan səfir Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün, habelə noyabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə Türkiyədə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışının mühüm əhəmiyyətindən bəhs edib.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Məhəmməd Faqiri və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin formalaşmasında və inkişafında xüsusi rolundan danışıb.

Tədbirin sonunda səfir Oktay Qurbanov Mərakeşin “Ərəb Məğribi Sədaları” xəbərlər agentliyinə müsahibə verib. O, hər bir azərbaycanlının Heydər Əliyevin əziz xatirəsini qürur və ehtiramla yad etdiyini bildirib və anım mərasiminin iştirakçılarına minnətdarlıq edib.

 

əvvəlki xəbər