2020-06-03
Mərakeş mətbuatı: Azərbaycan xalqı və rəhbərliyi öz tarixinin şərəfli səhifələrinə yüksək dəyər verir

Mərakeşin ərəb və fransız dillərindəki “Əl-Məğribiyə Əl-Yaum”, “Jisr Press”, “Məsəeljiha”, “AMAPresse”, “Chainactu.com”, “Hiba Presse”, “Azfaklaam”, “Scopresse”, “Alahdat” və “Canal 24” kimi internet mediasında 28 May – Respublika Günü ilə əlaqədar Azərbaycanın Mərakeş Krallığındakı səfiri Oktay Qurbanovun mərakeşli jurnalist Rəşid Moulidə verdiyi müsahibəsi dərc edilib.

Səfir müsahibəsində iki ölkə arasında münasibətlərin tarixi xronologiyası və ən mühüm tərəflərini barədə danışıb.

O bildirib ki, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət sayılan Azərbaycan Demokratik Respublikası (ADR) müstəqilliyini 1918-ci il mayın 28-də qazanıb. Fəaliyyətinin 23 ayı ərzində gənc respublika Paris Sülh Konfransı tərəfindən tanınmasına, milli ordu və bütün dövlət orqanlarına, milli və demokratik dəyərlərə cavab verən qanunvericiliyə malik olan dövlətin yaradılmasına nail olub. ABŞ da daxil olmaqla, dünyanın bir çox ölkələrindən əvvəl ADR-də qadınlara seçki hüququ verilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” imzalandığı Sərəncamı ADR-in tarixinin dərindən öyrənilməsinə təkan verib. Azərbaycan xalqı və rəhbərliyi tariximizin şərəfli səhifələrinə yüksək dəyər verir.

Yeni növ koronavirusun yayılması Azərbaycandan da yan keçmədiyini və Respublika Gününün qeyd olunduğu tarixinə təsadüf etdiyini deyən O.Qurbanov bildirib ki, Prezident İlham Əliyev aztəminatlı sosial qruplara, kiçik və orta sahibkarlara 2 milyard dollardan çox birbaşa maliyyə dəstəyi ayrımaqla yanaşı, sosial və iqtisadi cəhətdən koronavirus xəstəliyinin nəticələrini yüngülləşdirmək məqsədilə hökumət tədbirlərinin hər birinə bilavasitə şəxsən nəzarət edir. Bu tədbirlərdən əlavə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu koronavirusdan zərərçəkmiş ailələrə daim diqqət yetirir, Mehriban xanım Əliyevanın təlimatı ilə onlara mütəmadi humanitar və maddi yardım göstərir. Koronavirus pandemiyasının hökm sürdüyü dövrə baxmayaraq, ölkə rəhbərliyi Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib, dövlət və özəl kanallarda bu ildönümünün milli əhəmiyyətini vurğulayan bayram proqramları və Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş tarixi verilişlər yayımlanır.

O.Qurbanov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevi xatırlamadan Milli Gün haqqında danışmaq mümkün deyil. Ulu öndər Heydər Əliyev həqiqətən də, Azərbaycanın birinci dərəcəli xilaskarı və dünyanın gözünü qamaşdıran ölkəmizin intibah dövrünün qurucusu hesab olunur. O, Azərbaycanı dağılmaqdan xilas edib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iqtisadi-ictimai bəhrələrini verir. Misal üçün, bu dövrdə işsizlik səviyyəsi 50 faizdan 4,9 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 5 faizədək azalıb. İki milyondan çox iş yerləri yaradılıb, milli iqtisadiyyata 250 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Qeyri-neft sektorunun ÜDM-də payı 60 faizədək artırılıb, xarici valyuta ehtiyatları 1,8 milyard dollardan bu il yanvarın 1-nə 52 milyard dollara yüksəlib. Azərbaycan, eyni zamanda, “Doing Business 2019” hesabatında 25-ci yeri tutur və ən çox islahat həyata keçirən ölkələrdən biri hesab olunur. Dünya İqtisadi Forumunun yaydığı Qlobal Rəqabətlilik Hesabatına görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında birinci yerdədir və dünya miqyasında 35-ci sırada qərarlaşıb. Koronavirus pandemiyasının mənfi təsirinə baxmayaraq, milli iqtisadiyyatımız 2020-ci ilin ilk 4 ayında 0,2 faiz səviyyəsində artım ilə müsbət dinamikanı saxlaya bilib. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozuna əsasən, 2021-ci ildə ölkəmizdə ÜDM-in artımının 3 faizi keçəcəyi gözlənilir.

Azərbaycan-Mərakeş münasibətlərindən danışan səfir diqqətə çardırıb ki, 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Toplantısı zamanı ümummilli lider Heydər Əliyevin Mərakeş Kralı II Həsən ilə görüşü Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafında yeni səhifə açıb. Həmin görüşdə iki qardaş ölkə arasında münasibətlərin perspektivlərinə dair aparılmış fikir mübadiləsi Azərbaycanla Mərakeşin dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün zəmin yaradıb. Bu dostluq münasibətlər Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, həmin əlaqələr, xüsusən də son illərdə bu sahədə böyük nailiyyətlərin əldə etməsindən sonra, iki ölkə arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın möhkəmlənməsinə və dərinləşməsinə, iki xalqın biri birinə daha da yaxınlaşmasına xidmət edir.

 

növbəti xəbər əvvəlki xəbər