2020-07-17
Mərakeş portalları: Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür

Mərakeşin “Jisr Press”, “AMAPresse” və “Azfaklaam” kimi internet portalları Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlamasını yayıb.

Dərc olunan informasiyalarda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutduğu vurğulanır.

Bildirilir ki, Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Hikmət Hacıyevin fikirlərinə istinad edilərək qeyd edilir ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Mərakeş ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Məlumatda qeyd olunur ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı halda bu hücum və təxribat əməli, eyni zamanda, Ermənistanın davamlı olaraq atəşkəsi pozması yolu ilə Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Həmçinin, bildirilir ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

növbəti xəbər əvvəlki xəbər