İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Dövlət başçısı: Əlahəzrət Kral VI Məhəmməd           

Baş Nazir: cənab Əziz Akhanuş

Parlamentin Nümayəndələr Palatasının sədri: cənab Rəşid Talbi El Alami

Parlamentin Müşavirlər Palatasının sədri: cənab Məhəmməd Uld Erraşid

Xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri: cənab Naser Bourita

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri: cənab Nazim Səmədov

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri: cənab Məhəmməd Adil Embarş

Milli Gün: 30 iyul

  

İkitərəfli münasibətlər

1991-ci ilin 30 dekabr tarixində Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 1992-ci ilin 28 avqust tarixində Azərbaycanla Mərakeş  arasında diplomatik əlaqələr yaradılmışdır.

1994-cü ilin 12 dekabr tarixində Azərbaycan-Mərakeş əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Kasablanka şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığı Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Protokol imzalanmışdır.

2014-cü ilin 12-14 iyun tarixlərində AR Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin Daxili İşlər naziri Məhəmməd Həssadın dəvətilə Mərakeş Krallığında səfərdə olmuşdur.

29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda Mərakeş Krallığı Parlamentinin vitse-spikeri xanım Rəşidə Benməsud iştirak etmişdir.

07 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərakeş Krallığının Azərbaycana təyin olunmuş səfiri cənab A.Embarşın etimadnaməsini qəbul etmişdir.

21-25 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Mərakeşdə işgüzar səfərdə olmuş və mərakeşli həmkarı Dris Jettu ilə görüşmüşdür.

2018-ci ilin 5 mart tarixində Mərakeş Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasir Burita Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

01 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Oktay Qurbanov etimadnamələrini Mərakeş Kralı VI Məhəmmədə təqdim etmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 

05 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov etimadnamələrini Mərakeş Kralı VI Məhəmmədə təqdim etmişdir. 

Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasına həmsədrlik etmək məqsədilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il noyabrın 13-14-də Mərakeşdə səfərdə olmuşdur. Səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Mərakeşli həmkarı Nasser Burita, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Talbi El Alami, Müşavirlər Palatasının sədri Naam Miyara və ICESCO-nun Baş direktoru Səlim AlMaliklə görüşləri keçirilmişdir. Nazir həmçinin, Birgə Komissiyanın 2-ci iclasına həmsədrlik etmiş və noyabrın 14-də ilk Azərbaycan-Mərakeş Biznes Forumunda açılış nitqi səsləndirmişdir.

Ölkələr arasında Parlament ölçüsünün möhkəmləndirilməsi baxımından Milli Məclisin sədri Sahibə Qafarovanın 2023-cü il dekabrın 13-16-da Mərakeşə səfəri də mühüm rol oynamışdır. Səfəri çərçivəsində Milli Məclisin sədrinin Mərakeş parlamentinin hər iki palatasının sədri, R. Talbi El Alami və Naam Miyara ilə, eləcə də Mərakeş Baş naziri Əziz Akhanuşla görüşlərində əlaqədar sahələrdə ölkələr arasında münasibətlərin hazırkı durumu və gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə edilmişdir.

2024-cü il mayın 4-də Qambiyanın paytaxtı Banjul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısı çərçivəsində iki ölkənin xarici işlər nazirləri, Ceyhun Bayramov və Nasser Burita arasında görüş zamanı Azərbaycanla Mərakeş arasında ümumvətəndaş pasportlarına münasibətdə viza tələbinin arada qaldırılmasına dair saziş imzalanmışdır. Saziş avqustun 28-də qüvvəyə minmişdir.  

Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Mərakeşli həmkarı Abdellatif Ludiyinin dəvəti ilə 30 oktyabr- 2 noyabr 2024-cü il tarixində Marrakeş şəhərində keçirilmiş 7-ci Beynəlxalq Aeronavtika və Kosmos sərgisi çərçivəsində “Mərakeş Avia Şousu”nda iştirakla əlaqədar Mərakeşdə işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Z.Həsənovun mərakeşli həmkarı ilə görüşündə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir. Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"i imzalamışdır.

BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 2024-cü il 12-13 noyabr tarixlərində təşkil edilmiş Dünya Liderləri İqlim Fəaliyyəti Sammitində iştirak məqsədilə Mərakeşin Baş naziri Əziz Akhannuş Azərbaycanda səfərdə olmuşdur.  

 

Humanitar sahədə əməkdaşlıq

2010-cu il 27-30 oktyabr tarixlərində Mərakeş Krallığının Rabat, Meknes, Fəs və Kasablanka şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir.

2011-ci ilin 11-13 noyabr tarixlərində Azərbaycanda Mərakeş Mədəniyyət günləri keçirilmişdir.

2012-ci ilin 4-5 oktyabr 9 oktyabr tarixlərində İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Mərakeş Parlamenti Nümayəndələr Palatasının sabiq sədri A.Radi, V Məhəmməd Universitetinin rektoru V.Bencalun və  “Diplomatika” müəssisəsinin prezidenti A.Habek ölkəmizdə səfərdə olmuşlar.

2015-ci ilin 22 yanvar tarixində Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsi nəzdində Azərbaycan dili, sivilzasiyası və mədəniyyəti üzrə tədris proqramının açılışı olmuşdur.

İki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsi də humanitar sahədə əlaqələrə öz töhvəsini verməkdədir.

2023-cü ilin fevralında Rabatın Məhəmməd V Universitetinin dəvəti ilə Azərbaycan Universitetlərinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, ADA Universiteti və Azərbaycan Dillər Universiteti - təmsil olunduğu nümayəndə heyəti Mərakeşdə səfərdə olub.Səfər zamanı iki ölkə ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və tələbə mübadiləsi məsələləri müzakirə edilib. Mərakeşdə Azərbaycan Universitetləri haqqında Məhəmməd V Universitetində təqdimatlar baş tutub və təhsil sahəsində iki ölkə arasında Anlaşma Memorandumu sənədi ilə bağlı müzakirələr aparılıb.  

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 35 sənəd imzalanmışdır. 

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsi 2024-cü il də 7,8 milyon ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2023-cü illə müqayisədə 40%-lik artım deməkdir. 

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya

Yaranma tarixi: 28 sentyabr 2007-ci il

2018-ci ilin 5 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçirilmişdir.

2023-cü ilin 13 noyabr tarixində Rabat şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilmişdir. İclas çərçivəsində iki ölkə arasında enerji, logistika, ətraf mühit, səhiyyə və əmək və məşğulluq sahələrində əməkdaşlığın inkişafını ehtiva edən sənədlər, o cümlədən Komissiyanın 2-ci iclasının protokolu imzalanmışdır. 

 

  

Mali Respublikası

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Assimi Qoita

Baş Nazir: cənab Abdulaye Maiqa

Parlametin Sədri: cənab Moussa Timbine

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Abdulaye Diop

Milli Gün: 22 sentyabr

 

İkitərəfli münasibətlər

1996-ci ilin 26 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi eyni zamanda Mali Respublikasında akkreditə olunub.

2017-ci ilin 4-6 may tarixlərində Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keyta Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə səfər etmişdir. 5 may 2017 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

 

 

 

 

Seneqal Respublikası

 

Dövlət başçısı (Prezident): Zati-aliləri cənab Bassiru Diomaye Faye

Parlament Sədri: cənab Malik Ndiaye

Xarici İşlər və Xaricdə yaşayan seneqallılarla iş üzrə nazir:  xanım Yassine Fall

Milli Gün: 4 aprel

 

İkitərəfli münasibətlər

1996-cı ilin 14 mart tarixində Azərbaycan ilə Seneqal arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2207 saylı, 4 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Sabir Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Belçika Krallığının Brüssel şəhərində keçirilən ÜGT Şurasının 123/124-cü sessiyasında iştirakı müddətində 2014-cü ilin iyun ayının 26-da Seneqal Gömrüyünün Baş direktoru Elimane Saliou Gninqu ilə ikitərəfli görüş keçirmişdir.

8 sentyabr 2014-cü il tarixində Seneqal Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsinin baş direktorunun müavini Aliu Ndiayenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tərəfindən qəbul olunmuşdur.

28 sentyabr 2018-ci il tarixində AR Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Seneqal Respublikasının Xarici İşlər və Xaricdə yaşayan Seneqallılarla iş üzrə naziri Sidiki Kaba ilə görüşmüşdür.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Səfir Nazim Səmədov Seneqala səfəri çərçivəsində 2024-cü il fevralın 8-də etimadnamələrini Seneqal Prezidentinə təqdim etmişdir. 

 

 

 

Qambiya Respublikası

Prezident: Zati–aliləri cənab Adama Barrou

Parlament Sədri: cənab Fabakari Jatta

Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan Qambiyalılarla iş üzrə nazir: cənab Mamadu Tanqara

Milli Gün: 18 fevral

 

İkitərəfli münasibətlər

1994-ci ilin 11 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Qambiya Respublikasının Əmək naziri cənab Kebba Turayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

21-22 may 2013-cü iltarixlərində Qambiyanın Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan qambiyalılarla iş üzrə naziri xanım Susan Vaffa Oqu Bakıda səfərdə olmuşdur.

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilən “Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə Donor Konfransı” və “Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisi Konfransı”nda Qambiyanı İƏT-dəki daimi nümayəndəsi Səfir Omar Sallah təmsil etmişdir.

2018-ci ilin 7-8 iyun tarixlərində Qambiya Respublikasının Xarici İşlər naziri Useynu Darboenin başçılıq etdiyi, Qambiyanın Əmək və İnfrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Nümayəndə heyəti AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, həmçinin Xarici İşlər naziri E.Məmmədyarovla görüş keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nazim Adil oğlu Səmədov Azərbaycanın Qambiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Səfir Nazim Səmədov Qambiyaya səfəri çərçivəsində 2024-cü il aprelin24-də etimadnamələrini Qambiya Prezidentinə təqdim etmişdir. 

2024-cü il mayın 4-də Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı zamanı iki ölkənin xarici işlər naziri, Ceyhun Bayramov və Mamadu Tanqara tərəfindən Azərbaycanla Qambiya arasında diplomatik pasport sahiblərinin viza tələbindən azad edilməsinə dair Saziş imzalanmışdır. Saziş 2025-ci ilin fevralında qüvvəyə minir. 

 

 İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO)

Təşkilatın yaranmasının qısa tarixçəsi: İslam Təhsil, Elm və Mədəniyyət Təkilatının (İCESCO) təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (o zaman Islam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) keçirilmiş 9-cu Konfransında (24-28 aprel, 1978-ci il) irəli sürülmüşdür.

İƏT üzv dövlətlərin Məkkədə keçirilmiş 3-cü zirvə görüşündə (25-28 yanvar 1981-ci il) islam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan İCESCO-nun təsis edilməsi və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsi qərara alınmışdır.

İCESCO-nun təsis Konfransı 3 may 1982-ci ildə Mərakeş Kralı II Həsənin himayəsi ilə Krallığın Fəs şəhərində keçirilmişdir. 28 dövlətin təmsil olunduğu Konfransda mərakeşli ictimai-siyasi xadim Əbdül Hadi Butalib (1923-2009) İCESCO-nun ilk baş direktoru seçilmişdir. O, 1982-1991-ci illərdə İCESCO-ya rəhbərlik etmişdir.

Baş direktoru: Dr.Səlim bin Məhəmməd Əl-Malik (09 may 2019-cu ildən etibarən).

Üzv dövlətləri: Hazırda İCESCO-ya 54 dövlət üzvdür. İƏT-ə üzv olan 57 dövlətdən üçü (Albaniya, Türkmənistan və Mozambik) İCESCO-nun üzvü deyildir.

Təşkilatın əsas məqsədləri: İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında təhsil, elm, mədəniyyət, kommunikasiya, tətbiqi elmlər və yüksək texnologiyalar kimi sahələrin İslam dəyərləri çərçivəsində inkişaf etdirilməsi; müsəlmanlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və yuxarıda qeyd edilən sahələr vasitəsilə dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verilməsi.

Təşkilatın üç əsas orqanı var:  Baş Konfrans, İcraiyyə Şura, Baş Direktorluq.

Mənzil-qərargahı:  Rabat, Mərakeş Krallığı

 

Azərbaycan və İCESCO münasibətləri

Azərbaycan Respublikası 1991-ci ildən ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Respublikamızın birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

ICESCO-nun keçmiş Baş direktoru Ə.O.Əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamış, 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir.

ICESCO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir.

ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək diqqətə layıqdir. ICESCO çərçivəsində qəbul edilmiş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələr öz əksini tapmışdır.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə ICESCO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ICESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

AR Prezidentinin 14 yanvar 2016-cı il tarixli sərəncamı əsasında ICESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.

9-10 noyabr 2017-ci il tarixlərində AR Prezidenti yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri zamanı “ASAN Xidmət” modelinin ICESCO üzv dövlətlərində tətbiqi məsələləri ilə bağlı “ASAN Xidmət” və ICESCO arasında Anlaşma Memorandumu imzalanmışdır.

18 yanvar 2019-cu il tarixində “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə ICESCO-nun saytında təşkilatın Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə olaraq bəyanat yayılmış və insanlığa qarşı bir cinayət kimi pislənilmişdir. Bəyanatda dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsi və beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılmasına çağırış ifadə edilmişdir.

Eyni zamanda, Bəyanatda dünyanın vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün ICESCO tərəfindən beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciət ünvanlanmışdır.

31 yanvar 2019-cu il tarixində ICESCO tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən bəyanat verilmişdir.

2021-ci ilin 11 – 15 yanvar tarixlərində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri zamanı qonaqlar Azərbaycanın işğaldan azad olunmuş Füzuli və Ağdam rayonlarını ziyarət etmişlər. ICESCO 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə səfər etmiş ilk beynəlxalq təşkilat olmuşdur.

2022-ci ilin 19-20 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilmiş beynəlxalq konfransda ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik iştirak etmişdir.

2022-ci il 20 may tarixində  Azərbaycan Respublikasının mədəniyyət naziri ilə ölkəmizdə səfərdə olmuş ICESCO-nun Baş direktoru arasında “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Saziş imzalanmışdır.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistanın hərbi işğalı nəticəsində mədəni sərvətlərə dəymiş ziyanı və mövcud vəziyyəti qiymətləndirmək üçün ICESCO-nun texniki missiyası 2022-ci ilin 18-27 may tarixlərində Azərbaycanda səfərdə olmuşdur. ICESCO-nun texniki missiyası Azərbaycanın Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın rayonlarına və Şuşa şəhərinə səfər etmiş və burada tarixi və mədəni abidələrin vəziyyəti ilə tanış olmuşlar. Səfərin nəticəsi olaraq, ICESCO-nun texniki missiyası tərəfindən hesabat hazırlanmışdır.

2022-ci ilin dekabr ayında Azərbaycan ilə ICESCO arasında əməkdaşlığa dair birgə Fəaliyyət Planı imzalanmışdır. Planda mövcud layihələr sırasında, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsini qeyd etmək olar.

2023-cü il sentyabrın 25-26-da Qətərin paytaxtı Dohada keçirilmiş İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

2024-cü il mayın 11-də Şuşa şəhərində ICESCO Baş direktorunun iştirakı ilə Şuşa 2024-cü il üçün İslam dünyasının Mədəniyyət paytaxtı ilinin açılış mərasimi keçirilmiş və eyni tarixdə Şuşada ICESCO Baş direktorunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü baş tutmuşdur. Mayın 11-də həmçinin, Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

ICESCO eyni zamanda, 2024-cü il 11-23 noyabr tarixlərində Bakıda keçirilmiş COP29-da fəal iştirakı ilə seçilmişdir. Təşkilatın Baş direktoru S. ƏlMalikin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 9-dan 21-nə kimi ölkəmizdə olmuş, ICESCO pavilyonunda 40-dan artıq tədbir təşkil edilmiş, Baş direktorun çoxsaylı ikitərəfli görüşləri baş tutmuşdur. Noyabrın 17-də Baş direktor S.ƏlMalik AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, görüşdə ICESCO-Azərbaycan münasibətlərinin inkişaf dinamikasından məmnunluq ifadə edilmişdir. Baş direktor həmçinin, COP29 çərçivəsində təşkil edilmiş Mədəniyyət nazirlərinin 2-ci yüksək səviyyəli görüşü, “İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası, habelə Azərkosmos tərəfindən təşkil edilmiş “İqlim dəyişikliyi ilə mübarizədə kosmik problemlər” mövzusunda Sammitdə iştirak etmişdir. Bundan əlavə, noyabrın 19-da S.ƏlMalik və Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq (İDEA) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva ICESCO ilə İDEA arasında Niyyət Protokolunu imzalamışlar. 

 

 

Arxiv üzrə axtarış