Doğum haqqında şəhadətnamənin alınması üçün tələb olunan sənədlər
Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Yəməndə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uşaqlarının doğumu haqqında qeyd müvafiq olaraq Səfirliyin konsulluq bölməsi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (pasport, şəxsiyyət vəsiqəsi, rezident kartı (iqama))- əsli və surəti;
- Valideyinlərin ərizəsi;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi - əsli və surəti;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd - əsli; (Uşağın doğum tarixindən bir aydan artıq vaxt keçməmək şərti ilə)
Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin vəfatı ilə bağlı sənədlər və s.) əsasında qeydiyyat işinə məsul şəxs müəyyən edir. Üzrlü hesab edilərsə müvafiq qaydada qeydiyyat aparılır və şəhadətnamə verilir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir.