2016-04-22

NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov qurumun bu ilin aprel ayının 20-22-də Mərakeş Krallığının Rabat şəhərində keçirilən 91-ci Rouz-Rout seminarında iştirak etmişdir.

Tədbirdə Orta Şərqdə təhlükəsizliyə dair vahid beynəlxalq strategiya, ekstremizmə qarşı mübarizə, təhlükəsizlik sektorunun islahatı və idarə edilməsi, dəyişilən mühitdə insan təhlükəsizliyi, miqrasiya axını və digər mövzular üzrə çıxışlar edilmiş, müzakirələr aparılmışdır.

Milli Məclisin deputatımüzakirələrdə fəal iştirak etmiş, tədbirdə iştirak edən Ermənistan nümayəndələrinin Azərbaycanla bağlı verdiyi yersiz və müzakirə olunan məsələlərə heç bir aidiyyəti olmayan şərhlərinə qəti etiraz bildirərək münasibət bildirmiş, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini, onun ağır nəticələrini, bununla bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin Ermənistan tərəfindən hələ də icra edilədiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin NATO Parlament Assambleyasına ünvanlanmış mürəciəti seminar iştirakçıları arasında yayılmışdır. Müraciətdə 2016-cı il aprelin 2-də bütün cəbhə boyu Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin Ermənistanın silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, bunun nəticəsində dinc sakinlərin həlak olması, Azərbaycanın Silahlı Qüvvələri tərəfindən təxirəsalınmaz cavab tədbirlərinin həyata keçirilməsi, ümumilikdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi barədə məlumatlar yer almış, NATO Parlament Assambleyasından Ermənistana silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması üçün təzyiq göstərilməsi xahiş edilmişdir.

Seminarda, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin əməkdaşı Orxan Məmmədov iştirak etmişdir.

 

Arxiv üzrə axtarış