Mərakeşin Rabat şəhərində “Afrikanın yerli idarəetmə orqanlarının insan resursları: hərəkət etmək üçün vaxt ... hal-hazırdadır” mövzusunda keçirilən Afrika Yerli İdarəetmə Orqanlarının Birinci Beynəlxalq Forumu keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri Azad Cəfərli təmsil edib.
Mərakeş Krallığının Daxili İşlər Nazirliyi, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatı, Afrika Yerli İdarəetmə Orqanları Akademiyası, Mərakeş Bələdiyyə Sədrlərinin Assosiasiyası və Rabat Beynəlxalq Universitetinin birgə təşkil etdiyi tədbirə Mərakeş Nazirlər Kabinetinin üzvləri, beynəlxalq təşkilatların, Afrika ölkələrinin mərkəzi, yerli və regional idarəetmə orqanlarının yüksək vəzifəli şəxsləri, diplomatik korpusun, akademik dairələrin nümayəndələri qatılıblar.
Afrika qitəsində son illər müşahidə olunan inkişaf tendensiyaları dövlət xidmətlərinin keyfiyyətinin artırılması və bu sahədə peşəkar kadrların hazırlanmasını zəruri edib. Bu baxımdan tədbir çərçivəsində beynəlxalq qabaqcıl təcrübə kimi “ASAN xidmət” modeli Afrika ölkələri üçün təqdim olunub.
Forumun ilk günü “Afrikada yeni geo-siyasət və əks-mərkəzləşmə kontekstində insan kapitalının yeri” mövzusunda keçirilən plenar sessiyada Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Agentliyin nümayəndəsi son illərdə Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət”in kadrların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində nail olunmuş uğurlu təcrübə qeyd edilib. “ASAN xidmət” modeli əsasında dünyanın bir sıra ölkələrində dövlət xidmətləri sahəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın aparıldığı diqqətə çatdırılıb. Azərbaycanın bu uğurlu modelinin BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görüldüyü xüsusilə vurğulanıb.
Təqdimatı böyük maraqla qarşılayan iştirakçılar “ASAN” mütəxəssisləri tərəfindən Afrika dövlətlərinin mərkəzi və regional orqanlarında çalışan əməkdaşlarına, o cümlədən özəl sektordan olan tərəfdaş təşkilatların mütəxəssislərinə təlimlərin keçirilməsi imkanları ilə maraqlanıblar. Həmçinin iştirakçılar “ASAN” təcrübəsi əsasında kadr potensialının formalaşdırılması üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi Afrika ölkələrinin rəsmiləri, ISESCO da daxil olmaqla, beynəlxalq təşkilatın nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.