Mərakeşin ən oxunaqlı qəzetində Bakı haqqında məqalə dərc edilib
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində nəşrin baş redaktoru Əhməd Mitçunun müəllifi olduğu “Tərk etdiyim, lakin fikirlərimdə yaşayan Bakı şəhəri” sərlövhəli məqalə dərc edilib.
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, yazıda müəllif Bakı şəhərinə səfərinin təəssüratlarını oxucularla bölüşüb. Bakının təmizlik, təhlükəsizlik, bəşəri sivilizasiya şəhəri olduğunu vurğulayan baş redaktor ölkəyə gəldikdə ilk böyük təəssürat bağışlayan Heydər Əliyev Beynəlxalq Aeroportunda, habelə “Alov qüllələri”, Xalça Muzeyi və digər memarlıq incilərini, Qız qalası və Şirvanşahlar sarayı kimi tarixi abidələri xüsusilə qeyd edib.
Azərbaycanın sülhsevər ölkə kimi tarixən sahib olduğu tolerantlıq ənənələrindən bəhs edilən məqalədə Prezident İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya bir daha xoşniyyətli bir mesaj olaraq çatdırılır. Yazıda Azərbaycan Prezidentinin sözlərindən sitatlar gətirilərək qeyd olunur ki, dini tolerantlıq irəliyə doğru təhlükəsiz inkişaf yoludur.
İldən-ilə ölkəmizin Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi humanitar və mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladan müəllif müasir dövrdə Azərbaycanın dünya ölkələrinə mənəvi dəyərlər, tolerantlıq, sülh, sabitlik və əmin-amanlığın ixracatçısı olduğunu ifadə edir.