"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə Mərakeş Krallığında səfərdədir. Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən məlumat verilib.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunun məqsədi dövlət sektorunun islahatı və təkmilləşdirilməsi, idarəetmə bacarıqlarının artırılması və elektron idarəçiliyin inkişafı məqsədilə Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında əməkdaşlıq və mübadilə üçün hüquqi çərçivənin yaradılmasıdır.
Bununla yanaşı, Forum çərçivəsində “Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün liderlik bacarıqlarının və düşüncə tərzinin dəyişdirilməsi” mövzusunda təşkil olunan sessiyada “ASAN xidmət” barədə təqdimat olub. ASAN təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti Rabat şəhərində sənətkarlıq və sosial iqtisadi məsələlər üzrə dövlət naziri Cəmilə Əl Musalli ilə görüşüb.
Görüşdə ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədilə yaradılan “ABAD” (“Ailə Biznesinə Asan Dəstək”) mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Həmçinin qurumlar arasında qeyd edilən sahə üzrə geniş təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub. Dövlət qurumları arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı prosedurların sürətləndirilməsi qərara alınıb.
Forumun ilk günündə nümayəndə heyəti Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Mohammed Ben Abdelkader və İndoneziyanın inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa ilə də görüş keçirib, əməkdaşlıq perspektivlərini geniş müzakirə edib.
Xatırladaq ki, “ASAN xidmət” 2015-ci ildə BMT dövlət xidmətləri mükafatına 1-ci yerə layiq görülüb.