2019-01-16

Mərakeş və Azərbaycan arasında mədəni dialoq və dillərin qarşılıqlı təsiri” mövzusunda elmi simpozium keçirilib

25 dekabr 2018-ci ildə Rabat şəhərində Mərakeş Milli Kitabxanasında “Mərakeş və Azərbaycan arasında mədəni dialoq və dillərin qarşılıqlı təsiri” mövzusunda elmi simpozium keçirilib. Tədbir Mərakeş Krallığının Mədəniyyət və Kommunikasiya Nazirliyi və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, elmi simpoziumda Mərakeşin mədəniyyət və kommunikasiya naziri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Laarac, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov, “Maghreb Arabe Presse” Xəbərlər Agentliyinin, “Əl-İslah və ət-Tənmiyə”, “Usbua” və digər KİV-lərin nümayəndələri, ictimai xadimlər, tarixçilər və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərakeşin kalliqrafiya ustası Abdelilah Ləbisin yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Elmi simpoziumda çıxış edən nazir Məhəmməd Laarac Mərakeşin Azərbaycanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bunun üçün geniş potensialın olduğunu bildirib. İki ölkənin bir çox tarixi, dini və mədəni bağlılıqlara malik olduğunu vurğulayan nazir bu kimi tədbirlərin təşkilinin iki dost xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan səfir Oktay Qurbanov müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin çoxəsrlik İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələr verdiyini, 2009-cu ildə Bakının, 2018-ci ildə isə Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxt”ları elan olunduğunu bildirib.
Səfir Azərbaycanın görkəmli şərqşünasları Ziya Bünyadov, Vasim Məmmədəliyev, habelə Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və professor qadın olan Aida İmanquliyevanın şərqşünaslıq elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, professor Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının korifeyləri sırasında olan Cübran Xəlil Cübran və Əmin ər-Reyhani barədə fundamental tədqiqatlarının Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirdiyini vurğulayıb. Daha sonra səfir Oktay Qurbanov Vasim Məmmədəliyev və Aida İmanquliyevanın onun müəllimləri olduğunu böyük fəxrlə qeyd edib.
Öz çıxışında Azərbaycan-Mərakeş əlaqələrinə toxunan səfir Oktay Qurbanov əsası ümummilli lider Heydər Əliyev və Mərakeş Kralı II Həsən tərəfindən qoyulan ikitərəfli dostluq münasibətlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini bildirib.
Azərbaycan səfiri Oktay Qurbanov V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsində professor Aida İmanquliyevanın yaradıcılığına həsr edilmiş tematik ədəbi guşənin yaradılması, onun gələcəkdə genişləndirilməsi, habelə görkəmli şərqşünasın həyat yolu ilə bağlı sərginin təşkil edilməsi təkliflərini irəli sürüb.
Daha sonra Ərəb Dili Naminə Mərakeş Milli Birliyinin üzvü, professor Fuad Bualinin, İslam araşdırmaları üzrə tədqiqatçı, professor Əbdülkader Əl-Kittaninin, V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin professoru Səid Yaktinin mədəniyyətlərarası dialoq, müsəlman xalqları arasında əlaqələr və digər mövzularda məruzələri dinlənilib.
Elmi simpoziumun işi Mərakeşin aparıcı “Maghreb Arabe Presse” Xəbərlər Agentliyi daxil olmaqla yerli KİV-lərdə işıqlandırılıb.

Arxiv üzrə axtarış