2019-01-20

Mərakeşin “Əl-Aləm” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib

Mərakeşin “Əl-Aləm” qəzetində “20 Yanvar - Azərbaycan milli qürur günüdür” başlıqlı məqalə dərc edilib.
Məqalədə 20 Yanvar tarixinin Azərbaycan xalqının milli yaddaşına 1990-cı ildə keçmiş sovet ordusunun ölkəyə qarşı hərbi təcavüzü kimi yazıldığı qeyd olunur.
Yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ən müasir silahlardan istifadə etməklə sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən bəhs edilir.
Müəllif silahlı hərbçilərin qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, dinc insanlara atəş açdığını bildirib. Vurğulanıb ki, bu vəhşilik nəticəsində yüzlərlə insan şəhid olub, yaralanıb və həbs edilib, bununla da beynəlxalq hüquq normaları kobudcasına pozulub, Azərbaycan xalqının suverenliyinə qarşı qəddar cinayət törədilib.
Məqalədə həmin dövrdə Azərbaycanın informasiya blokadasına alındığı və baş verənləri ört-basdır etmək üçün xarici KİV-lərin fəaliyyətinin məhdudlaşdırıldığı, həqiqətlərin mətbuatda yayılmasına imkan verilmədiyi bildirilir.
Eyni zamanda, yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti, işğal edilmiş torpaqlarda məscidlərimizin, tarixi memarlıq abidələrimizin darmadağın edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə də məlumat verilib.

Arxiv üzrə axtarış