2019-02-25

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi: Xocalı soyqırımı dünya ölkələri tərəfindən tanınmalıdır

Azərbaycanın Mərakeşdəki səfirliyinin və Mərakeş-Azərbaycan Dostluq Qrupunun təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.


Tədbirdə Mərakeş-Azərbaycan Dostluq Qrupunun üzvləri, yerli ictimai-siyasi xadimlər, jurnalistlər, ali təhsil müəssisələrinin təmsilçiləri, tarixçilər iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 dinc sakinin amansızcasına qətlə yetirilməsindən, ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən danışan səfir Oktay Qurbanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib.
Səfir İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında Azərbaycanla bağlı bir sıra mühüm sənədlərin, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasını pisləyən, Xocalı soyqırımının qurbanları ilə həmrəyliyini ifadə edən qətnamələrin qəbul edildiyini vurğulayıb.
Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri qəti şəkildə pisləyən “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamədə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə çağırış ifadə edilib. Qətnamədə, həmçinin “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyanı dəstəkləməyə, onun fəaliyyətində yaxından iştirak etməyə dəvət olunurlar.
Səfir Oktay Qurbanov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, dünyanın gözü qarşısında törədilmiş vəhşiliklərə, yüzlərlə günahsız insanı qətlə yetirən cinayətkarlara biganə qalmağın bu cür vandallığın təkrarlanmasına gətirib çıxarmaması üçün Xocalı soyqırımının dünyada tanınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırda Xocalı soyqırımının dünyanın 13 ölkəsi, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, habelə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanındığını qeyd edən səfir xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilən şəhidlərimizin xatirəsinin xalqımızın ürəyində əbədi yaşayacağını deyib.
27 il əvvəl törədilmiş cinayətin gələcəkdə təkrarlanmaması üçün Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınmasının vacibliyini vurğulayan Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Faqiri Mərakeş Krallığının parlamentini müvafiq bəyanatla çıxış etməyə çağırmaq məqsədilə mərakeşli millət vəkillərinə müraciətin ünvanlanmasını təklif edib.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, hüquq elmləri doktoru, V Məhəmməd Universitetinin professoru Hanan Larbi XX əsrdə törədilmiş ən dəhşətli və amansız cinayətin azərbaycanlılara qarşı soyqırımı aktı olduğunu və həmin cinayətin cəzasız qalmasının qəbuledilməzliyini vurğulayaraq Cəmiyyət tərəfindən qəbul olunacaq müraciətin əsas məqamlarını səsləndirib: Bəşəriyyətin birgəyaşayış normalarına zidd olan dünyada baş vermiş soyqırımı aktlarını, o cümlədən Xocalı soyqırımını qətiyyətlə pislənilməsi; Xocalı dəhşətlərinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınması məqsədilə çağırışın ifadə olunması; Xocalı soyqırımını törədən şəxslərin mühakimə edilməsi məqsədilə beynəlxalq məhkəmənin təsis edilməsinə çağırışın səsləndirilməsi; Beynəlxalq hüququn norma və prinsiplərinə əsasən münaqişənin nizamlanması üçün diplomatik səylərinin artırılması zərurətinin vurğulanması.
XX əsrin ən dəhşətli və amansız cinayətini azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirən digər natiqlər Azərbaycan xalqının öz tarixi torpaqlarından didərgin düşdüyünü diqqətə çatdırıb, sülhsevər xalqımızın haqqının yerdə qalmayacağına və işğal altındakı torpaqların azad olunacağına əminliklərini ifadə ediblər.
Sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verilib, Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən foto və kitab sərgisi nümayiş olunub.

 

 

Arxiv üzrə axtarış