2019-06-07

Mərakeş mətbuatı Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazır

Mərakeşin “Əl-Ələm” qəzetində Mərakeş Krallığının Bakıdakı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı ilə bağlı məqalə dərc edilib.
Yazıda bildirilir ki, mayın əvvəlində Azərbaycanın Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda müxtəlif cəmiyyətlərdə zorakılıq və ayrı-seçkiliklə mübarizəyə töhvə vermək məqsədilə insanların həmrəyliyinin formalaşmasında mədəniyyətlərarası dialoqun həlledici rolu ətrafında müzakirələr aparılıb.
Forumun əsas məqsədlərindən bəhs edən məqalədə qeyd olunur ki, tədbirdə ayrı-seçkilik və qeyri-bərabərliyin artması, dünyanın müxtəlif yerlərində zorakılığın və münaqişələrin davam etməsi fonunda mövcud problemlərin öhdəsindən gəlmək üçün həlledici addımların atılmasının vaxtının artıq gəlib çatdığı bildirilib.
Həmçinin beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxış etdiyi diqqətə çatdırılır.
Məqalədə bildirilir ki, Mərakeş nümayəndə heyəti V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Dövlət Universitetinin məsul şəxsləri ilə görüşüb. Bakı Dövlət Universiteti müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq güclü kadr potensialının formalaşmasına öz töhfəsini verir.

Arxiv üzrə axtarış