Mərakeşdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Azərbaycanın Mərakeşdəki səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq qrupunun üzvləri, keçmiş SSRİ-nin ali məktəblərinin mərakeşli məzunları, yerli ictimai-siyasi xadimlər və 20 Yanvar hadisələrinin mərakeşli olan canlı şahidləri iştirak ediblər.
Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
20 Yanvar hadisəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını qeyd edən səfir Oktay Qurbanov xalqımıza qarşı törədilən bu cinayətin ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı zamanı hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pislənildiyini, sovet hakimiyyətinin qanlı siyasətinin cəsarətlə ifşa edildiyini, habelə Ulu Öndərin yenidən siyasi hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
Diplomat sovet ordusunun Bakıya hücumu nəticəsində insanlığa qarşı törədilmiş cinayətdə qocalar, uşaqlar və qadınlar da daxil olmaqla 147 nəfərin şəhid olduğunu, 700-dən çox insanın yaralandığını, 800-dən çox adamın əsassız olaraq həbs edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl iş aparıldığını qeyd edib.
Səfir hər bir azərbaycanlıda qürur hissini oyadan 20 Yanvarın heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gənc nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.
Mərakeşdə səfərdə olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova 20 Yanvar faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xarici ölkələrdəki səfirliklərimizin rolunu qeyd edərək, Azərbaycan tarixinin bu qanlı və şanlı səhifəsi ilə bağlı xalqımızla həmrəylik nümayiş etdirdiklərinə görə Mərakeş ictimaiyyətini təmsil edən tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Məhəmməd Faqiri Azərbaycan xalqına qarşı törədilən bu ağır və unudulmaz cinayətin Mərakeş ictimaiyyəti tərəfindən pislənildiyini vurğulayaraq 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya informasiya məkanında bu faciənin əsl həqiqətlərinin üzə çıxarılması üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.
Daha sonra 1990-cu ilin Qanlı Yanvar hadisələri zamanı Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alan mərakeşlilər, faciənin canlı şahidləri - Rəşid Hərrat və Məhəmməd Reşo öz xatirələrini bölüşərək, sovet ordusunun bir gecənin içində törətdiyi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərdən danışıblar.
Sonda iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi ilə tanış olublar.