Mərakeş qəzetində “20 Yanvar - Azərbaycanın milli qürur günü” adlı məqalə dərc edilib
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun “20 Yanvar - Azərbaycan milli qürur günü” adlı məqaləsi dərc edilib.
Qanlı Yanvar hadisəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edən müəllif 20 Yanvar tarixinin Azərbaycan xalqının milli yaddaşına 1990-cı ildə keçmiş sovet ordusunun ölkəyə qarşı hərbi təcavüzü kimi yazıldığını qeyd edir. Yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müasir silahlardan istifadə etməklə sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən bəhs edilir. Müəllif silahlı hərbçilərin qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, dinc insanlara atəş açdığını bildirir. Vurğulanır ki, bu vəhşilik nəticəsində yüzlərlə insan şəhid olub, yaralanıb və həbs edilib, bununla da beynəlxalq hüquq normaları kobudcasına pozulub, Azərbaycan xalqına qarşı qəddar cinayət törədilib.
Məqalədə həmin dövrdə Azərbaycanın informasiya blokadasına alındığı və baş verənləri ört-basdır etmək üçün xarici KİV-lərin fəaliyyətinin məhdudlaşdırıldığı, həqiqətlərin mətbuatda yayılmasına imkan verilmədiyi bildirilir.
Səfir xalqımıza qarşı törədilən bu cinayətin ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı zamanı hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pislənildiyini, Ümummilli Liderin hakimiyyətə gəlməsindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini vurğulayır.
Eyni zamanda, yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti, işğal edilmiş torpaqlarda məscidlərimizin, tarixi memarlıq abidələrimizin darmadağın edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə də məlumat verilir.
Oktay Qurbanov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl iş aparıldığını qeyd edir.
Səfir yazıda hər bir azərbaycanlıda qürur hissini oyadan 20 Yanvarın heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gənc nəsil tərəfindən daim anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirir.