2020-05-14

Mərakeş mətbuatı: Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xidmətlərini heç vaxt unutmayacaq

Mərakeşin ərəb və fransız dillərindəki “Jisr Press”, “AMAPresse”, “Alahdat”, “Nour24.ma”, “Əl-Məğribiyə Əl-Yaum”, “Chainactu.com”, “Hiba Presse”, “Azfaklaam” kimi internet portallarında Azərbaycan Respublikasının Mərakeş Krallığında səfiri Oktay Qurbanovun müəllifliyi ilə böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə 10 may tarixində Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasından 97 il ötdüyü bildirilir. Müasir Azərbaycan dövlətinin banisi olan ümummilli lider Heydər Əliyev bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayır və ölkənin müasir tarixində canlı xatirə kimi qalacaqdır.

Ulu Öndərin həyat və Azərbaycan dövləti naminə fəaliyyətindən bəhs edən yazıda qeyd olunur ki, Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda məhz Heydər Əliyev tərəfindən qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi qurulması üçün zəruri olan bütün işləri görüb.

Azərbaycan iqtisadi inkişafa da yol açıb və qısa zamanda SSRİ tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilib. Ona görə də 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

Eyni zamanda, Ümummilli Lider Azərbaycana rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının başlanğıc dövrüdür. Fəaliyyəti xalqın milli qürur hisslərinin oyanması ideyasına əsaslanan Ümummilli Lider Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.

Məqalədə xüsusi vurğulanır ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xidmətlərini heç vaxt unutmayacaqdır. Ümummilli Lider Azərbaycanın ictimai-siyasi, mədəni həyatının ən müxtəlif sahələrində və proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən neft strategiyası nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb, iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin iqtisadi dirçəlişində əvəzsiz rol oynayıb. Həmin neft strategiyasının mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevrilməsi məhz ulu öndər Heydər Əliyevə məxsusdur.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət sahəsində həyata keçirdiyi layihələr və mühüm tədbirlər barədə məlumat verilir, Fondun fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi ifadə olunur.

Məqalədə milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün Heydər Əliyevin əzmkar fəaliyyəti təhlil edilir. Bildirilir ki, Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaət, tarixi qəhrəmanlığa görə Azərbaycan xalqı onu özünün Ümummilli Lideri seçib.

1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Toplantısı zamanı Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan müəllif ümummilli lider Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafındakı rolunu xüsusi vurğulayıb və bu dostluq münasibətlərinin Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrinin qurulmasından sonra iki ölkə arasında səmərəli əməkdaşlıq və dostluq münasibətləri genişlənmişdir. Son illər ərzində bu əlaqələrin daha da gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb.

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq dövrü, ölkənin siyasi, iqtisadi və mədəniyyətinin yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Müəllif qeyd edib ki, Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dinamik inkişaf edir, qısa dövr ərzində keçid dövrünü başa vurmuş, beynəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən güclü regional geosiyasi ölkəyə çevrilmişdir.

Arxiv üzrə axtarış