Mavritaniya saytlarında ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edilib
Mavritaniyanın “Əl-Havadis” və “Əl-Səfir” saytlarında ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edilib.
Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu məqalədə bildirilir ki, 10 may tarixində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasından 97 il ötür. Ümummilli lider Heydər Əliyev bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayır.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən məqalədə qeyd olunur ki, Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda Ümummilli Lider tərəfindən qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi qurulması üçün zəruri olan bütün işləri görüb. Ona görə də 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
Müəllif yazır ki, Ulu Öndər Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Azərbaycan xalqı Heydər Əliyevin dövlət quruculuğunda misilsiz xidmətlərini heç vaxt unutmayacaq. Ümummilli Lider Azərbaycanın ictimai-siyasi, mədəni həyatının müxtəlif sahələrində və proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. Göstərdiyi misilsiz hünər və şücaətə, tarixi qəhrəmanlığa görə Azərbaycan xalqı Heydər Əliyevi özünün ümummilli lideri adlandırıb.
Yazıda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirdiyi layihələr və mühüm tədbirlər barədə də məlumat verilir. Fondun fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi qeyd olunur.
Məqalədə 2010-cu ildə Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycan Respublikasına səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcının olduğu vurğulanır. Səfər zamanı kənd təsərrüfatı, ticarət, mədəniyyət sahələrini, habelə iki ölkə arasında çoxşaxəli əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Prezident Məhəmməd Uld Əbdüləzizin Prezident İlham Əliyevlə görüşü zamanı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb və bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edilib.
Müəllif qeyd edir ki, Heydər Əliyevin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dinamik inkişaf edir, ölkədə demokratik və iqtisadi islahatlar aparılır. Postsovet ölkələri sırasında Azərbaycan qısa dövr ərzində keçid dövrünü başa vurmuş, beynəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən güclü regional geosiyasi ölkəyə çevrilmişdir.