2020-06-23

Mavritaniya mətbuatı: Azərbaycanın siyasi, iqtisadi və mədəni dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq dövrü, ölkənin siyasi, iqtisadi və mədəniyyətinin yenidən dirçəlişi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 15 iyun isə Azərbaycan xalqının gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulduğu, habelə əhəmiyyətli bir dönüş ilə əlamətdar olan tarixi bir gündür.

Bu fikirlər Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun Mavritaniya İslam Respublikasının “Əl-Səfir” və “Əl-Şuruk Media” kimi internet mediasında yerləşdirilən “15 iyun - Azərbaycanın Milli Qurtuluş Günüdür” başlıqlı məqalədə yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycanın müstəqilliyin ilk illərində çox mürəkkəb bir siyasi şərait yaranmışdır. Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət etmişdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevirdi.

Bildirilir ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu amil böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalanması ilə bu tərəddüdlərə son qoyuldu. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan artıq bütün dünyada tanınmağa başladı.

Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dinamik inkişaf edir, ölkədə sabit demokratik və iqtisadi islahatlar aparılır. Bu gün ölkəmiz beynəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən güclü regional geosiyasi ölkəyə çevrilib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət verib.

Məqalədə Azərbaycanın xarici siyasətinin son illər ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edilir. Bildirilir ki, 2019-cu ildən etibarən Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrik edir.

2020-ci il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirilib.

Məqalədə müasir dünyada qadınların sosial-siyasi sahədə rolları, ictimai fəallıqları xüsusi qeyd olunaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verilir, bu fəaliyyətin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi ifadə olunur.

Arxiv üzrə axtarış