2020-06-23

Mərakeş mətbuatında Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş məqalə dərc edilib

Mərakeş Krallığının ərəb və fransız dilli “Jisr Press”, “Əl-Əhdəs”, “Əl-Məqribiyə Əl-Yaum”, “Bilvadeh”, “Məsəljiha”, “Scopresse”, “Chainactu”, “Hiba Presse” və “AMAPresse” portallarında Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun müəllifi olduğu “15 iyun Azərbaycanın Milli Qurtuluş Günüdür” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq dövrünün, ölkənin iqtisadiyyatının və mədəniyyətinin dirçəlişinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır. Qeyd edilir ki, iyunun 15-i Azərbaycan xalqının gələcək həyatını müəyyənləşdirən mühüm başlanğıcların əsasının qoyulduğu, habelə əhəmiyyətli bir dönüşlə əlamətdar olan tarixi bir gündür.

Diqqətə çatdırılır ki, müstəqilliyin ilk illərində Azərbaycanda çox mürəkkəb bir siyasi şərait yaranmışdı, Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Vətənin bu ağır dövründə Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Heydər Əliyevin rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuza malik bir ölkəyə çevirdi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu amil böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələrinin imzalanması ilə bu tərəddüdlərə son qoyuldu. Sonradan “Əsrin müqaviləsi” adını alan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan artıq bütün dünyada tanınmağa başladı.

Bu gün Azərbaycan Heydər Əliyevin irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, ölkədə demokratik və iqtisadi islahatlar aparılır. Postsovet ölkələri sırasında Azərbaycan qısa dövr ərzində keçid dövrünü başa vurub, beynəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsipial mövqeyi ilə seçilən regional geosiyasi gücə çevrilib.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iqtisadi-ictimai bəhrələrini verir.

Məqalədə son illərdə Azərbaycanın xarici siyasətdə qazandığı nailiyyətlərdən də bəhs edilir. Bildirilir ki, 2019-cu ildən Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrik edir.

2020-ci il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü keçirildi. Bu Zirvə Görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.

Məqalədə müasir dünyada qadınların sosial-siyasi sahədə rolunun, ictimai fəallığının xüsusi əhəmiyyəti qeyd olunaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verilir, onun fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi qeyd olunur. Mehriban Əliyevanın UNESCO və ICESCO-nun xoşməramlı səfiri olduğu vurğulanır.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalına və bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin salınmasına toxunan müəllif münaqişənin respublikamızın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində nizamlanmasının zəruriliyini vurğulayır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Diqqətə çatdırılır ki, eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə (822, 853, 874, 884), ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğala son qoyulmasının vacibliyi bildirilir.

Arxiv üzrə axtarış