2020-06-23

Azərbaycanın Mərakeşdəki səfirliyinin dəstəyi ilə vətəndaşlarımız İstanbula yola salınıb

Xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının COVID-19 xəstəliyinin yayılması ilə əlaqədar ölkəmizə geri qaytarılması məsələləri Prezident İlham Əliyevin, Azərbaycan hökumətinin daim diqqət mərkəzində saxlanılır və lazımi tədbirlərin görülməsi üçün müvafiq göstərişlər verilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq təlimatları rəhbər tutularaq, ölkəmizin Mərakeşdəki səfirliyi koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya İslam Respublikasında karantin rejiminin tətbiq edilməsi və beynəlxalq sərhədlərin bağlanması səbəbindən müəyyən problemlərlə üzləşən Azərbaycan Respublikasının vətəndaşları - dənizçilər kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev ilə mütəmadi əlaqə saxlanılıb.

Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun xahişi ilə mayın 10-da Mavritaniya vətəndaşı Abubəkrin Afelvatın vasitəsilə vətəndaşlarımızın Nuadibu şəhərindən paytaxt Nuakşot şəhərinə gətirilməsinə nail olunub. İyunun 21-də “Mavritaniya Hava Yolları” tərəfindən Nuakşot-İstanbul marşrutu ilə xüsusi çarter reysinin təşkil olunması barədə məlumat əldə edildikdən sonra səfirlik dərhal Mavritaniyanın Xarici İşlər Nazirliyi və Türkiyənin Mərakeşdəki, habelə Mavritaniyadakı səfirlikləri ilə müvafiq iş və yazışmalar aparıb.

Azərbaycan ilə Mavritaniya arasında dostluq və həmrəylik münasibətlərindən çıxış edərək, Mavritaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarımızın “Mavritaniya Hava Yolları”nın xüsusi çarter reysindən istifadəsinə razılıq verib və nəticədə dənizçilərimiz iyunun 21-də İstanbula yola salınıb.

Xarici ölkədə çətin vəziyyətə düşmüş soydaşlarımıza kömək göstərilməsinə görə səfirlik tərəfindən Mavritaniya və Türkiyə tərəflərinə minnətdarlıq ifadə edilib.

 

Arxiv üzrə axtarış