2020-06-30

Mərakeş qəzetində Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş məqalə dərc edilib

Mərakeş Krallığının “Əl-İslah və Əl-Tənmiyə” qəzetində ölkəmizin Mərakeşdəki səfiri Oktay Qurbanovun Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan ordusunun yaranma tarixindən, keçdiyi şərəfli yoldan bəhs olunur. Bildirilir ki, Şərqin müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 102 il əvvəl öz ordusu üçün hüquqi əsas yaradaraq, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atdı.

Hökumət tərəfindən hərbi məqsədlərə ayrılmış dövlət büdcəsinin 24 faizi hesabına 25 min nəfərlik ordu yaratmaq üçün təklif irəli sürüldü. Həmin ildə avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk Müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildi.

Diqqətə çatdırılır ki, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda keçirildi. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları vardı.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə nə güclü siyasi hakimiyyət, nə də nizami ordu qurmaq mümkün olmadı. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycanda peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə əsas diqqət güclü ordunun formalaşmasına yönəldildi. Heydər Əliyev ordu quruculuğu istiqamətində ciddi addımlar atdı, qısa müddət ərzində güclü, nizam-intizamlı ordu yaradıldı.

Yazıda son illərdə Azərbaycanın müdafiə potensialının qüdrətlənməsi istiqamətində görülən böyük işlərdən də bəhs olunur. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, ordunun döyüş qabiliyyəti yüksəlib. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Orduda struktur islahatlarından sonra modernizasiya işi həyata keçirilir, təlim və təhsilə diqqət yetirilir. Azərbaycanın müdafiə potensialının əsaslı şəkildə möhkəmləndirilməsində Müdafiə Sənayesi Nazirliyinin yaradılması da mühüm rol oynadı. Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq müdafiə sərgisində sənaye müəssisələrinin son nailiyyətləri, quru və dəniz qüvvələri üçün silah və avadanlıqlar, hava hücumundan müdafiə vasitələri və sistemləri, informasiya texnologiyaları və rabitə sistemləri və avadanlıqları və digər hərbi məhsullar nümayiş olunur. 2016-cı ilin aprel ayında erməni təcavüzkar qüvvələrinin növbəti atəşkəs rejimini pozmaq cəhdi baş verdi. Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə cavab olaraq, ordumuzun bölmələri əks-həmlə ilə bu təxribatların qarşısını aldı. Atəşkəs elan olunduqdan sonra baş verən bu ən irihəcmli döyüşlər “Aprel döyüşləri” kimi tarixə düşdü və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.

“Azərbaycan ordusunun təxirəsalınmaz cavab tədbirləri nəticəsində Tərtər rayonunda yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, habelə Goranboy və Tərtər rayonlarının kəndləri istiqamətində mövqelər düşməndən azad olundu. Aprel zəfəri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın ordumuza olan inamını daha da artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çökdülər”, - deyə məqalədə vurğulanır.

Arxiv üzrə axtarış