Mərakeş mətbuatında Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı məqalə dərc olunub
Mərakeşin ərəb və fransız dillərindəki yayımlanan “Jisr Press”, “AMAPresse”, “Alahdat”, “Məsə Əl-Jiha”, “Canal 24”, “Hiba Presse”, “Azfaklaam” kimi internet media resurslarında 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş məqalə dərc edilib.
Ölkəmizin Mərakeş Krallığındakı səfiri Oktay Qurbanovun müəllifi olduğu məqalədə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissənin - əlahiddə Azərbaycan korpusunun yarandığı gün respublikamızda Silahlı Qüvvələr Günü kimi qeyd olduğu diqqətə çatdırılır. Bildirilir ki, bu il Azərbaycan Ordusunun yaranmasından 102 il ötür.
Müəllif qeyd edir ki, müsəlman Şərqində ilk demokratik hökumət öz ordusu üçün hüquqi əsas yaradaraq, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıb. Hökumət tərəfindən hərbi məqsədlərə ayrılmış dövlət büdcəsinin 24 faizi hesabına 25 min nəfərlik ordu yaratmaq üçün təklif irəli sürülüb. Həmin il avqustun 1-də isə Hərbi Nazirlik təsis olunub. Azərbaycanın ilk Müdafiə naziri Xosrov bəy Sultanov təyin edilib. Daha sonra onu bu vəzifədə general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilib.
Yazıda vurğulanır ki, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edib. Azərbaycan Ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi generalları var idi.
Qeyd olunur ki, Azərbaycanda peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyulub. Ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə əsas diqqətini güclü ordunun formalaşmasına yönəltmişdi. Ulu Öndər inanırdı ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Ümummilli Lider bu məsələyə prioritet kimi yanaşmağa başladı. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü elan olundu və bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.
Son illərdə Azərbaycanın müdafiə potensialının qüdrətlənməsi istiqamətində böyük işlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, ordunun döyüş qabiliyyəti yüksəlib.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Ordusu hərbi hava və hava hücumundan müdafiə, hərbi dəniz və quru qoşunlarından ibarətdir. Orduda struktur islahatlarından sonra modernləşmə işi həyata keçirilir, təlim və təhsilə xüsusi diqqət yetirilir.
Yazıda bildirilir ki, 2016-cı ilin aprel ayında təcavüzkar erməni qüvvələri atəşkəs rejimini növbəti dəfə pozmağa cəhd etdi. Azərbaycan Ordusunun ön xətdəki mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə cavab olaraq, ordumuzun bölmələri əks-həmlə ilə bu təxribatların qarşısını aldılar. Atəşkəs elan olunduqdan sonra baş verən ən genişmiqyaslı döyüşlər “Aprel döyüşləri” kimi tarixə düşdü və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel zəfəri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Qazanılan qələbə xalqımızın ordumuza inamını daha da artırdı.
Aprel döyüşləri Azərbaycan Ordusunun böyük potensiala malik olduğunu bir daha göstərdi. Bu uğurlu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin gələcəkdə qazanacağı qələbələrin müjdəçisi kimi tarixə yazıldı.