Azərbaycan Universitetlərinin Tələbələri və Məzunlarının Mərakeş Cəmiyyəti Ermənistanın təxribatlarını pisləyir
Azərbaycan Universitetlərinin Tələbələri və Məzunlarının Mərakeş Cəmiyyəti Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bütün dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyətinin pandemiyaya qarşı mübarizəyə yönəldiyi bir vaxtda Ermənistan düşmənçilik əməllərinə əl atır. BMT Baş katibinin COVID-19 ilə əlaqədar dünya dövlətlərinə olan qlobal atəşkəs çağırışına məhəl qoymayan Ermənistan beynəlxalq konvensiyaları və atəşkəs rejimini pozur.
Azərbaycan Universitetlərinin Tələbələri və Məzunlarının Mərakeş Cəmiyyəti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın suverenliyinə və vətəndaşlarına qarşı edilən hərbi hücumu və təcavüzü qətiyyətlə pisləyir: “Biz beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləməyə, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsinə çağırırıq”.
Bəyanat Azərbaycan Universitetlərinin Tələbələri və Məzunlarının Mərakeş Cəmiyyətinin sədri Rəşid Hərratın imzası ilə Meknes şəhərində qəbul edilib.