2020-07-17

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ermənistan ordusu artilleriya qurğularından istifadə etməklə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən sərhədyanı Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ermənilər tərəfindən ağır silahlarla həyata keçirilmiş hücumu pisləyir, həlak olanlara görə Azərbaycan xalqına dərin hüznlə başsağlığı ifadə edir.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ bölgəsində həll olunmamış münaqişə regional sülh və əmin-amanlığa təhlükə törədir.

Dostluq Cəmiyyətinin üzvləri Ermənistan tərəfindən törədilmiş son təxribatların beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa və eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən münaqişənin sülh yolu ilə nizamlanmasına xələl gətirməyə cəhdlər olduğuna əminliyini ifadə edirlər.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bundan əlavə, BMT Baş Assambleyası, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğalı faktını təsdiq edən və işğalçı ordunun Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.

Cəmiyyətin üzvləri Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduqlarını bildiriblər.

Arxiv üzrə axtarış